“Bu gün Azərbaycanda elə unikal əməliyyatlar aparılır ki…”
“İrandan bizə ağırlaşmış xəstələr müraciət edir”
Azərbaycanın tanınmış uroloq-cərrahı, “Oksigen” klinikası Urologiya-Andrologiya şöbəsinin müdiri Araz Bayramovun Editor.az-a müsahibəsi
Dosye: Araz Eldar oğlu Bayramov Ağsu rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu və Mustafa Topçubaşov adına təqaüdlə bitirib.
Fransa Uroloq Mütəxəssisi Araz Bayramov 2005- 2010-cu illərdə Fransanın Lyon şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində Uroloji Mütəxəssislik Uzmanlığını keçib.
Bu illər ərzində (2005-2010) Fransada bir çox diplomlarla təltif olunub :
• Laparoskopik Uroloji Cərrahiyyə
• Laparoskopik Cərrahiyyə
• MikroCərrahiyyə
• Kliniki Andrologiya
• MasterClass Urology
• Master Elmi Dərəcəsinə nail olur
2010 –cu ilin sentyabr ayında Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) adına layiq görülüb.
01.11.2010 – 01.05.2011 –ci illərdə Mərkəzi Gömrük Hospitalında Uroloq Cərrah;
2010-cu ilin noyabrında Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji əməliyyat həyata keçirib.
01.05.2011-ci ildən Oksigen Kliniki Xəstəxanasının Urologiya-Andrologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
2013 cü ilin oktyabrında Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.
Böyrək daşlarının endoskopik müalicəsində ən son tam kəsiksiz müasir usulla müalicələrini Flexible UreteroRenolitotripsiyasını Azərbaycanda ən uğurlu tətbiqini həyata keçirir.
Doktor Araz Bayramov Fransa Uroloqlar Cəmiyyətinin, Avropa və Dünya EndoUroloqlar Cəmiyyətinin həqiqi üzvüdur.
Kim deyir ki, həkimlərimiz pisdir…
– Araz bəy, ölkədə səhiyyə inkişaf etsə də, tibb ocaqlarımız ən müasir avadanlıqlarla təhciz edilsə də, əksər vətəndaşlarımız müayinə və müalicə məqsədilə xarici ölkələrə üz tutur. Sizcə bunu doğuran səbəb nədir?
– Unutmaq lazım deyil ki, Azərbaycan heç də uzaq olmayan keçmişdə müstəqillik əldə edib. Biz 70 il faktiki olaraq Rusiyanın tərkibində və sovet səhiyyə sisteminə uyğunlaşaraq yaşamışıq. Əlbəttə, 22-23 il elə də uzun zaman deyil və bu müddətdə Azərbaycan səhiyyəsini Avropa, Türkiyə və digər inkişaf etmiş ölkələrin səhiyyəsi ilə bərabər tutmaq heç də düzgün yanaşma deyil. Amma etiraf etməliyik ki, bu gün Qərb səhiyyə məktəbini keçmiş, aparıcı ölkələrdə ixtisas artırmış və səhiyyəmizə qərb standartlarını gətirmiş çoxlu sayda həkimlərimiz var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə ən unikal cərrahi əməliyyatlar həyata keçirən və ən müasir standartları ölkədə tətbiq edən, ABŞ-da, Almaniyada, Fransada, Türkiyədə və digər inkişaf etmiş ölkələrdə uzmanlıq keçən gözəl mütəxəssislərimiz var. Ürək-damar, uroloji, neyrocərrahiyə və digər sahələrdə peşəkar yerli kadrlarımız elə yüksək səviyyədə əməliyyatlar aparırlar. Tam səmimiyyətimlə demək istəyirəm ki, bu unikal əməliyyatlar dünyanın ən inkişaf etmiş ölkələri ilə belə müqayisə oluna bilər. Ancaq bununla yanaşı harada uğur və inkişaf varsa, orada qüsurların da olması istisna deyil və buna təbii yanaşmaq lazımdır. Əlbəttə, xəstələrin etimadından sui-istifadə edən, tibbi bilikləri yetərincə olmayan həkimlərimiz də var ki, onlar bütövlükdə ölkə səhiyyəsi adına mənfi çalarlar gətirirlər. Təəssüf ki, qurunun oduna yaş da yanır. Kiminsə qeyri-peşəkar fəaliyyətinə görə, bütövlükdə həkimlərimizi ittiham etmək doğru deyil və bəziləri bu faktdan yararlanaraq, məqsədli şəkildə ajiotaj yaradırlar.
– Bu günlərdə türkiyəli həkim Hamdi Köçər mətbuata açıqlama verərək, azərbaycanlı həkimləri savadsızlıqda ittiham etdi…
– Əvvəla, mən Hamdi bəyin ittihamlarına cavab verməmişdən öncə əcnəbi həkimlərlə bağlı müəyyən fikirlərimi oxucularla bölüşmək istəyirəm. Müasir və qlobal dünyada hansısa sahənin mütəxəssisi digər ölkəyə köçə və orada müəyyən şərtlər daxilində fəaliyyət göstərə bilər. Amma reallıq ondan ibarətdir ki, kifayət qədər bilikləri və təcrübəsi olan heç bir həkim öz ölkəsindən kənarda fəaliyyət göstərməz. Bu yalnız istisna hallarda mümkündür. Hər kəsə bəllidir ki, əcnəbi həkimlər məhz maddi maraqlar və daha artıq gəlir götürmək niyyətilə ölkəmizə təşrif buyururlar. Təəssüf ki, onlar öz rolunu və əhəmiyyətini artırmaq üçün mənfi tendesiyaları qabardır və bu yolla reklam qazanmağa çalışırlar. Tibbdə ölüm və əməliyyat ağırlaşmaları halları istisna olunmur və dünyanın ən qabaqcıl ölkələrində belə buna rast gəlmək mümkündür. Görünür Hamdi bəy Azərbaycan səhiyyəsini məhz ölkədə fəaliyyətinə qadağa qoyulduğuna və öz şəxsi maraqları həyata keçmədiyinə görə itiham edərək, belə bir əsassız açıqlama ilə gündəmə gəlmək istəyib. Bu onu göstərir ki, əcnəbi həkimlərin fəaliyyəti ilə məsələyə yenidən baxılmalı və onların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmalıdır.
Əcnəbi həkimlər ölkəmizə hansı statusla gəlirlər?!
– Əcnəbi həkimlərdən söz düşümüşkən. Maraqlıdır, bu gün dövlət və ya özəl xəstəxanalarda çalışan xarici həkimlərin statusu hansı qaydalarla tənzimlənir?
– Çox maraqlı məqama toxundunuz. Bu məsələ cəmiyyətin ən ağrılı problemlərindən biridir. Bu gün Azərbaycanda və ölkə xaricində ixtisaslaşan yerli həkimlərimiz istər Avropada, istərsə də Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən maneələrlə üzləşirlər. Əslində burada qeyri-adi bir şey yoxdur və bu tamamilə normaldır. Əgər sən hər hansı ölkədə çalışmaq və xidmət göstərmək istəyirsənsə, həmin ölkənin qanunları və qaydaları ilə hesablaşmalısan. Xüsusilə də “Dənlik” deyilən imtahanda iştirak etmək, altı aylıq müddətində müvafiq prossedurları keçmək mütləq tələblər sırasındadır. Təəssüf ki, bizdə müvafiq prosedurlar üçün şərtlər sadədir və ümumiyyətlə imtahan tələb olunmur. Yaxşı olardı ki, əcnəbi həkimlərlə bağlı prossedurlar yaxşı mənada sərtləşdirilsin. Bu bütövlükdə ölkə səhiyyəsinə əlavə üstünlüklər qazandıracaq. Digər tərəfdən əcnəbi həkimlər kifayət qədər bahalı tibbi xidmət göstərirlər ki, bu onsuz da çıxılmaz vəziyyətdə xəstələri daha çətin duruma salır.
– Səhiyyənin mövcud durumu sizi qane edirmi?
– Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi inkişaf var və bunu danmaq olmaz. Ən sevindirici məqam odur ki, bu gün ölkə başçısı İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səhiyyənin inkişafına, müasirləşməsinə öz yüksək tövhələrini verir və bu istiqamətdə səylə çalışırlar. Dövlət xəstəxalanalarında müasir infrastrukturun yaradılması, ən müasir tibbi avadanlıqlarla təhciz edilməsi, o cümlədən özəl tibb sektorunun inkişafı ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır. Dövlət həm vətəndaşlara, həm də tibb mütəxəssislərinə kifayət qədər imkanlar yaradıb. Biz həkimlərin də borcudur ki, xəstələrə vicdan və ləyaqətlə xidmət edək. Prezident İlham Əliyevin ölkə vətəndaşlarına müraciət edərək, onları heç olmasa ildə bir dəfə müayinədən keçməyə dəvət etməsi də bu əsnada diqqətdən yayına bilməz.
Biz öz səhiyyəmizə və həkimlərimizə güvənməliyik…
– Sizcə, səhiyyə sisteminə və tibb personalına etimadı artımaq üçün hansı addımlar atılmalıdır?
– İlk olaraq onu qeyd etmək istəyirəm ki, icbari tibbi sığortanın tətbiqinə ciddi ehtiyac var. Bu sığorta sistemi elə formada tətbiq edilməlidir ki, xəstələrimiz bundan yüksək səviyyədə yararlana bilsin. Son dövlər Milli Məclisdə bununla bağlı aparılan müzakirələr, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi yaxın gələcəkdə ölkəmizdə də bu sistemin kütləvi şəkildə populyarlıq qazanacağına ümidlər yaradır. Tibbdə belə bir qayda var: O yerdə ki, inam yoxdur, həmin yerdə müalicə çətinləşir. Xəstələrdə inamın olması ən vacib şərtdir. Şəxsən mən öz təcrübəmə əsaslanaraq demək istəyirəm ki, bizə çoxlu sayda müraciət edən, etimad göstərən xəstələr var. Xaricdə, xüsusən də İranda müalicə almış yüzlərlə xəstə var ki, ağırlaşmış şəkildə bizə müraciət edir və şəfa tapırlar. Etimadı artırmaq üçün Qərb təhsilli kadrlarımıza daha ciddi şərait yaradılmalı, onların potensialından ən yüksək səviyyədə istifadə olunmalıdır.
– Biraz da öz fəaliyyətiniz haqda danışardınız…
– May-iyun aylarında xeyriyyə məqsədilə Azərbaycanın əksər regionlarında, Gəncə, Lənkəran, Şəki, Quba regionlarında pulsuz müayinə və müalicə aksiyası təşkil edəcəyik. Eyni zamanda əyalət həkimlərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədilə seminar-treninqlər keçirilməsi də nəzərdə tutulub. Biz öz fəaliyyətimizdə dürüstlüyü, peşəkarlığı əsas tuturuq və imkanı olmayan xəstələri də nəzərə almağa çalışırıq. Şəxsən mən bütün xəstələrimə öz doğmam kimi yanaşıram və hər bir həkimə də öz xəstələrinə məhz bu cür yanaşmağı arzu edirəm.
– Fəaliyyətinizdə hansı yenilikləriniz gözlənilir?
– İndiyə kimi böyük seriyalı 1000-dən çox böyrək və sidik daşlarının endoskopik müalicəsini, prostat adenomasının yüksək səviyyədə endoskopik müalicəsinin tətbiqinə, laparoskopik urologiyanın böyrək şişlərində , prostat xərçəngində tətbiqinə baxmayaraq bu sahələrdə yeniliklər və əməliyyatların tətbiqini davam etdiririk. Xüsusi ilə prostat vəzi xərçənginin erkən aşkar edilməsi, böyrəyin qoruyub saxlayıcı əməliyyatlarını, qadın və kişilərdə sidik saxlamazlığında , kişi sonsuzluğunun müalicəsində olan yeniliklərə xüsusi önəm veririk.
“Bu gün Azərbaycanda elə unikal əməliyyatlar aparılır ki…” – Araz Bayramov- MÜSAHİBƏ- VİDEO
Video – Müsahibə